2 Haziran 2010 Çarşamba

Dünya dövlətləri Güney Azərbaycanda baş verən hadisələrə diqqətlə yanaşmalı,


Beynəlxalq konvensiyalarda nəzərdə tutulmuş bütün imkanlardan istifadə  edərək təcavüzə məruz qalmış bir millətin milli, siyasi, mədəni hüquqlarını tanımalı, beynəlxalq səviyyədə bu hüquqların bərpasına dəstək verməlidir.Dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan xalqının çox zəngin dövlətçilik tarixi vardır. Bu tarix, qəhrəmanlıq ənənələri ilə, şərəfli, mürəkkəb, bə’zən də ziddiyyətli və faciəli hadisələrlə zəngindir. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri  ilə  ərazisi 410 min kv.km-dən çox olan Vahid Azərbaycan zorla iki yerə parçalandı: 280 kv.km Qacar padşahlığının, 130 kv.km isə çar Rusiyasının ixtiyarına keçdi.
 Beləliklə, eyni kökə, eyni dilə və inanca, vahid Vətənə malik olan bir millət ədalətsizcəsinə ikiyə bölündü və bu ayrılıq indi də davam edir. 1905-ci ildən başlayaraq son 100 ildə Güney Azərbaycanda  gedən ictimai-siyasi proseslər zəminində Azərbaycan türkünün müstəqillik zirvəsinə qalxdığı və yenidən müstəmləkə qarmağına düşdüyü dövrü özündə əhatə edir.
Güney Azərbaycan türkləri demokratik prinsiplər əsasında ilk Demokratik Milli Hökumətlərini Şeyx Məhəmməd Xiyabaninin başçılığı altında  1920-ci il iyunun 22-də qurmuşlar. Milli hökumətin fəaliyyət göstərdiyi qısa müddət ərzində Güney Azərbaycanda  bir çox islahatlar aparılmış,  məktəblərdə təhsil Azərbaycan türkcəsində keçilmış,"Məhəmmədiyyə" və "Hikmət" adlı iki qadın məktəbi açılmış, Azərbaycanda bütün idarə işləri, nəşriyyat, mitinqlər və çıxışların türk dilində aparılmasına sərəncam verilmış, ilk Milli Qvardiya yaradılmışdır. Lakin, bu hökumət Qacar şahlığı tərəfindən devrildi.  1925-ci ildə  isə İngiltərənin dəstəyi ilə qacarlar hakimiyyətini  ələ keçirən Rza xan  ayrı-ayrı millətlərin yaşadıqları  ərazilər hesabına yaradılan iran adlı ölkədə  «Vahid dil», «vahid milli kimlik» siyasətini yürüdərək  «vahid iran milləti» şüarını ortaya atdı , fars dilini rəsmi dil elan edərək, qeyri-fars millətlətin ölkədə mövcudluğunu danmağa başladı. Nəticədə fars şovinizmi dövlət siyasətinin tərkib hissəsinə çevrildi, qeyri-fars etnosların yaşadığı regionlar heç bir elmi, iqtisadi və mədəni təmələ söykənməyən inzibati ərazilərə – ostanlara (əyalətlərə) və şəhristanlara (vilayətə) bölündü. İqtisadi, mədəni, elmi potensialı və coğrafi mövqeyinə görə aparıcı rola malik olan  Güney Azərbaycan şovinist siyasət  aparan  Rza xan və onun  oğlu Məhəmmədrzanin 50 il sürən hakimiyyəti  illərində  parçalanmaya, siyasi  iqtisadi, mədəni tənəzzülə məruz qalıb.  Tarixən türklərin yaşadığı Həmədan, Zəncan, Qəzvin, Sultanabad, Savə və s. ərazilər Azərbaycandan qoparılıb başqa əyalətlərə birləşdirildi. Qeyri-farsların adını yaşadıqları tarixi ərazilərdən götürmək və onların milli mənsubiyyətlərini itirmək məqsədi ilə ostanlar qədim tarixi adı ilə yox, nömrələrlə göstərildi. Azərbaycan adı, tarix, coğrafiya kitablarından, xəritələrdən və rəsmi dövlət sənədlərindən silindi.  Diktator şah rejiminin strateji hədəflərinin qarşısında duran Güney Azərbaycan türkləri 1945 - 1946 – cı illərdə S.C.Pişəvərinin başçılığı altında   ikinci dəfə Azərbaycan Milli hökumətini qurmağa nail oldular. 1 il fəaliyyət ğöstərən  Azərbaycan Milli Hökuməti azərbaycanlıların öz ana dilində danışmaları, yazıb-oxumaları üçün şərait yaratdı, savadsızlığın kökünü kəsmək üçün qəti addımlar atdı, məktəblərdə ana dilində dərslərin keçirilməsini təmin etdi,  qadınların hüquqları kişilərlə bərabərləşdirildi,  torpaq islahatı həyata keçirdi, qədim tarixi adlar bərpa olunmağa başladı.  1946-cı il yanvarın 28 - də Güney Azərbaycan Milli Hökumətinin banisi S. C. Pişəvəri  BMT tərəfindən Azərbaycan Milli Hökumətinin tanınması məqsədilə millətlərin müqəddəratını təyinetmə prinsipinə əsaslanaraq  BMT Baş Assambleyasına müraciət etdi. Tehran mərkəzi hökumətinin qalmasında maraqlı olan bir neçə  güclü  dövlətlər  BMT-də  bu məsələnin Güney Azərbaycan Milli Hökumətinin xeyrinə həll olunmasının qarşısını alaraq Sovetlər birliyinin yardımı ilə Güney Azərbaycanı  şah rejimindən asılı saxlamaq istiqamətində iş apardılar. Nəticədə isə Pəhləvi rejimi  Azərbaycan Milli Hökumətini devirməyə nail oldu. Milli münasibətlərdəki ziddiyyətlər, ölkənin ərazi bölgüsündəki şovinizmə əsaslanan prinsiplər, ayrıseçkilik siyasəti, çoxsaylı sosial-iqtisadi, mədəni və s. problemlərin həll olunmaması Pəhləvi rejiminin həmişəlik çökməsi ilə nəticələndi. Rejimin  çökməsində əsas rol  oynayan Azərbaycan türkləri qurulacaq  islami quruluşdan öz milli və mənəvi hüquqlarının bərpasını gözləsələr də, 1979 – cu ildə hakimiyyətə gəlmiş Xomeyni Əsas Qanunda milli etniklərə verilən təbii hüquqların yerinə yetirilməsi əvəzinə, islamçılıq və irançılıq  adı altında  Pəhləvi rejiminin  siyasətini davam etdirdi. Əvvəlki illərdə oldüğü kimi indi də Güney Azərbaycanın inzibati ərazi bölgüsünün  dəyişdirilməsi, azərbaycan türklərinin  assimilyasiya edilməsi , siyasi – ictimai təşkilat və partiyaların fəaliyyətinə qoyulan məhdudiyyətlər,  söz və mətbuat azadlığına senzuranın tətbiqi dünya təcrübəsində analoqu olmayan mənfur üsullarla həyata keçirilir.
Neqativ assimiliyasiya siyasətinə qarşı çıxan və tətbiq olunan bütün maneələrə baxmayaraq son 15 il ərzində milli kimlik üğrunda mubarizəsini bir millət olaraq kütləviləşdirən  35 milyon Güney  Azərbaycan türkü bəşəriyyətin tərəqqisinə xidmət edəcək demokratik dövlətdə yaşamaq arzusunu sivil mubarizə yolu ilə əldə etməyə çalışır. Müasir XXI əsrdə fars şovinist iran rejimi bu haqlı mübarizəni hələ də silah gücü ilə yatirmaq istəyir.  22 may 2006-cı il tarixdə milli tələblər uğrunda  başlanan kütləvi etirazlarda tətbiq olunan zorakılıqlar bu faktı bir daha sübut edir. Dünya dövlətləri
orada baş verən hadisələrə diqqətlə yanaşmalı,  beynəlxalq konvensiyalarda nəzərdə tutulmuş bütün imkanlardan istifadə  edərək təcavüzə məruz qalmış bir millətin milli, siyasi, mədəni hüquqlarını tanımalı, beynəlxalq səviyyədə bu hüquqların bərpasına dəstək verməlidir.

Politoloq Sadiq   İsabəyli
                                                                                                         12.12.2006

Hiç yorum yok: